Əmanətlərin Sığortalanması Fondu yeni elektron auksion platformasını təqdim etdi

Ana səhifə / Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 29 oktyabr 2021-ci il tarixində 31 oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş tədbirdə Fondun mətbuat katibi Emil Bayramov ləğv prosesindəki bankların balansında olan daşınar əmlakların satışının daha effektiv formada təşkili və satış prosesinin sürətləndirilməsi məqsədilə elektron auksion platformasının təqdimatını həyata keçirmişdir.

Platformadan istənilən fiziki və hüquqi şəxslər müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçməklə istifadə edə bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş minimal məbləği dərhal ödəməklə seçilmiş əmlakın mülkiyyətçisi ola bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada hər bir şəxsin tanış olacağı formada yerləşdirilmişdir.

Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcəkdir.

Bundan əlavə, tədbirdə Əmanətlərin Sığortalanması Fondunun yeni loqosunun və kreditorlar üçün yeni yaradılan xüsusi platformanın da təqdimatı həyata keçirilmişdir.

Məlumat üçün bildiririk ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin beynəlxalq konqresində qeyd edilmişdir.