Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
Kompensasiya sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
Əmanətlərin sığortalanması mexanizmi fiziki şəxsin ƏSF-nin üzvü olan bankı seçməsi ilə başlayır. Sonra isə əmanət üzrə illik faiz dərəcəsinin ƏSF tərəfindən elan edilən faiz dərəcəsinə və əmanət limitinə uyğun olmasının müəyyən edilməsidir. Əmanətçi ilə bank arasında müqavilə rəsimləşdikdən sonra üzv banka yerləşdirilən əmanət qorunan əmanət hesab edilir. Bununla belə qorunmayan əmanətlərin də müəyyənləşdirilməsi vacibdir.
Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.
Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir.
Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.
Fond kompensasiyanı ərizəçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.
Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.
Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.