Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir.
Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.
Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. İştirakçı bankda sığorta hadisəsinin baş verməsi, həmçinin bir və ya bir neçə bankda sığorta hadisəsinin baş verməsi ehtimalının yaranması haqqında maliyyə bazarlarına nəzarət orqanın yazılı bildirişi alındıqda Fondun Himayəçilik Şurasının növbədənkənar iclası çağırılır.
Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.