Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən maliyyə sektorunda uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası, yüksək idarəetmə tədbirlərinin nəticəsi olaraq yaradılmışdır.
Tariximizə nəzər saldıqda açıq şəkildə görmək olar ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə sisteminin formalaşmasında da dönüş nöqtəsi olmuşdur. Belə ki, Ümummilli liderin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın güclü sosial iqtisadi bazası qurulmuş, həmçinin iqtisadiyyatda zəruri və genişmiqyaslı islahatların aparılması nəticəsində stabil maliyyə-bank sisteminin əsası qoyulmuşdur. Heydər Əliyevin bank sektorunun formalaşması, eləcə də bank sahəsində dövlət və özəl maliyyə təşkilatlarının infrastrukturunun yaradılmasında əhəmiyyətli rolu olmuşdur. Onun məşhur “Hər bir xalqın bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər hissəsidir” devizi altında qəbul etdiyi proqramlar əsasında bank sistemi stabilləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin varisi və layiqli davamçısı olan İlham Əliyev Ulu öndər tərəfindən əsası qoyulmuş stabil və müasir Azərbaycanın iqtisadiyyat sisteminin şaxələnməsi və inkişafı yolunda həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar nəticəsində ölkə iqtisadiyyatının, xüsusilə də maliyyə sisteminin dinamik və dayanıqlı inkişafına nail olmuşdur. Cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayan rəhbərliyi altında misilsiz tərəqqiyə nail olan Azərbaycanın iqtisadiyyatı, xüsusilə də maliyyə sektoru davamlılığı və ümumi inkişaf səviyyəsinə görə seçilmiş inkişaf yoluna və bu çərçivədə görülən səmərəli tədbirlərə, qəbul olunmuş dövlət proqramlarına, verilən tapşırıqlara və fərmanlara borcludur.
Xüsusilə, maliyyə sektorunun çərçivəsində bank quruculuğu sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Qəbul olunmuş requlyativ tələblərə cavab verməyən bankların sektordan kənarlaşdırılması, habelə əlavə kapital tələbinin müəyyən olunmasından sonra bankların maliyyə vasitəçiliyində rolu güclənməyə, iqtisadi artımın maliyyələşməsində bank-maliyyə sektoru daha aktiv iştirak etməyə başlamışdır. Maliyyə vasitəçiliyinin gücləndirilməsi məqsədilə bir çox yeni maliyyə institutları yaradılmışdır. Bunlardan biri də Əmanətlərin Sığortalanması Fondudur.
Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondu banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və Azərbaycanda maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə ərsəyə gəlmişdir. Fond yarandığı tarixdən sonrakı illər ərzində kredit təşkilatlarının fəaliyyətinə birbaşa olaraq təsir edərək öz töhfələrini vermiş, vətəndaşlar arasında bank sisteminə güvən və etibarın yaranmasında mühüm rol oynamışdır. Beləliklə, maliyyə-bank sektoru daha da inkişaf etmiş və fəaliyyəti daha da genişləndirilmişdir.