Qorunan əmanət sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
- bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
- cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
- üzərinə həbs qoyulmuş əmanətlər;
- cəlb edildiyi günə Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri.
Qorunan əmanətçi aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir:
- bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
- maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;
- bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
- kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.