2018-ci ilin 13-14 sentyabr tarixlərində Gürcüstan Respublikası Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərinin sığortalanması sisteminin fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə Bakıya səfər ediblər.
2017-ci ildə yaradılmış Gürcüstan Əmanətlərin Sığortalanması Agentliyinin nümayəndələri ilk təcrübə mübadiləsi səfərləri çərçivəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının "Əmanətlərin Sığortalanması haqqında" Qanunu, əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri, Fondun strukturu, banklardan hesabatların qəbulu və emalı üzrə elektron hesabat sistemi, sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi qaydaları ilə tanış olublar.
Bundan əlavə, 2018-ci ilin 12-14 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Avstriyanın Vyana şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər.
Kecirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri əmanətlərin sığortalanması sisteminin stress-testlərin keçirilməsi, risk əsaslı ödənişlərin tədbiqi və əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər.